İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər mərhələsinin qalibləri müəyyənləşib
Naxçıvan, 5 fevral, AZƏRTAC
“Gənclik” Mərkəzində yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər mərhələsi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, olimpiada çərçivəsində 3 intellektual oyun - “Xəmsə” , “Vətəni tanı” və “Poliqon” intellekt oyunları vahid turnir şəklində keçirilib.
“Poliqon” strateji intellekt oyununda “Araz” komandası I, “Qarabağ” komandası II, “Gəmiqaya” komandası III yeri qazanıb. “Vətəni tanı” intellektual oyununda “Naxçıvan” komandası I, “Odlar yurdu” komandası II, “Günnüt” komandası III yerə layiq görülüb. “Xəmsə” milli intellektual oyununda isə “Altay” komandası I, “Qarabağ” komandası II, “Zirvə” komandası III yerə çıxıb. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib.
Qalib komandalar bu ilin may ayında təşkil olunacaq İntellektual Oyunlar Olimpiadasının muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcək. Yüzdən çox yeniyetmənin iştirak etdiyi olimpiada muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.