“İNTERFAKS-AZƏRBAYCAN” AGENTLİYİNİN 5 YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 1-də “İnterfaks-Azərbaycan” agentliyinin 5 yaşı tamam olmuşdur.
“İnterfaks-Azərbaycan” agentliyi özünün ilk məlumatını 2003-cü il mayın 1-də buraxmışdır. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev agentliyin kollektivinə təbrik məktubu göndərmişdir.
Yubiley münasibətilə “İnterfaks” qrupunun Direktorlar Şurasının sədri Mixail Komissarın şəxsində “İnterfaks”ın rəhbərliyi də agentliyə təbriklərini göndərmişdir. Təbrikdə Azərbaycan xalqının ümummilli lideri, “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının təşəbbüskarı Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilmişdir.
Yubiley ilə əlaqədar agentliyin konfrans zalında “İnterfaks-Azərbaycan” rəhbərlərinin mətbuat konfransı keçirilmişdir. Agentliyin baş direktoru Aleksandr İvanov qeyd etmişdir ki, onların fəaliyyətinə dövlətimizin başçısı tərəfindən yüksək qiymət verilməsi kollektivin gələcək işinə stimul yaradır.
O demişdir: “Hesab edirəm ki, bu, bizim şəxsimizdə bütün Azərbaycan jurnalistikasına verilən qiymətdir. Ölkədə jurnalistlərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır”.
Azərbaycan Prezidentinin İcra Aparatının sektor müdiri Fuad Axundov bu agentliyin yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd etmişdir. O demişdir: “Ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində indi “İnterfaks” şirkətlər qrupunun materialları vasitəsilə Azərbaycanın mövqeyi dünya KİV-də obyektiv işıqlandırılır. Heydər Əliyevin “İnterfaks” ilə məxsusi qarşılıqlı münasibətləri hələ 1990-cı illərin əvvəlində yaranmışdı. 1991-ci ilin iyul ayında məhz “İnterfaks” SSRİ-nin repressiya maşınından qorxmadan Heydər Əliyevin Kommunist Partiyasından çıxması barədə bəyanatını yaymışdı və bu hadisə Heydər Əliyevin bu agentliklə əməkdaşlığının əsasını qoymuş oldu”.
ARDNŞ-in vitse-prezidenti, “İnterfaks-Azərbaycan” agentliyinin Direktorlar Şurasının üzvü Xaliq Məmmədov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təbrikini oxumuşdur. Təbrikdə bu agentliyin ölkəmizin informasiya məkanında mühüm yer tutması qeyd edilir və onun ardıcıl olaraq inkişaf edəcəyinə əminlik bildirilir.