İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib
Bakı, 25 dekabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri üçün Azərbaycanda həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgünlük təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim iştirakçılarına Azərbaycanda əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 faizdən çoxunu gənclər təşkil edir.
Həmçinin fondun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. İndiyədək fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Təlimin sonunda sertifikatlar təqdim edilib.