İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi ilə bağlı müzakirələr aparılıb
Bakı, 12 avqust, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının (BMT İP), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi” mövzusunda tədbir keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət qurumları, beynəlxalq təşkilatlar, gənclər və gənclər təşkilatlarını bir araya gətirərək onların bu sahədə gördüyü işlərlə tanış olmaq və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır.
Tədbirdə gənc eko-aktivistlər və ekologiya sahəsində çalışan dövlət qurumlarının əməkdaşları və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev və BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin vəzifəsini icra edən xanım Çaru Bist iştirak ediblər.
Rəsmi hissədən sonra iştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Mövzular arasında Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, 13-cü Dayanıqlı İnkişaf Məqsədi üçün inklüziv həllər, iqlimin gələcəyi və gənclərin ətraf mühit haqqında maarifləndirmədə rolu olub.
Tədbirdə, həmçinin BMT İP, Gənclər və İdman Nazirliyi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin birgə təşkil etdiyi “Yer üstündə həyat” debat turnirinin yekun nəticələri açıqlanıb.
Bu tədbir Gənclər və İdman Nazirliyinin, BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində təşkil olunub.
Layihə gənclərin qərarvermə proseslərində daha fəal iştirakına dəstək olmaq məqsədini daşıyır.