İQTİSADİ İNKİŞAF NAZİRLİYİ KOLLEGİYASININ GENİŞ İCLASINDA ÖLKƏNİN SOSİAL-İQTİSADİ İNKİŞAFI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazirliyin şəhər və rayon şöbələri rəhbərlərinin də iştirak etdiyi iclası açan nazir Fərhad Əliyev demişdir ki, Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların inkişafı ilə bağlı imzaladığı sənədlərdə irəli sürülən vəzifələrin həyata keçirilməsi ölkədə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması sahəsində müsbət nəticələrini verməkdədir.
Nazirin və digər natiqlərin çıxışlarında qeyd olunmuşdur ki, hazırda Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, bu ilin 8 ayı ərzində ümumi daxili məhsulun artımı 9,5 faiz, əsas kapitala yönəldilmiş sərmayələrin artımı 48 faiz, sənaye məhsulunun artımı 2,1 faiz, kənd təsərrüfatı məhsullarının artımı 5,3 faiz təşkil etmişdir. Bu dövrdə adambaşına düşən pul gəlirləri 19,3 faiz, orta aylıq əmək haqqı 24,2 faiz artmışdır. İlin sonuna ümumi daxili məhsulun 40,3 trilyon manata çatacağı, onun adambaşına düşən həcminin isə ilk dəfə 1000 dollarlıq həddi keçərək, 1020 ABŞ dolları (5 milyon manat) təşkil edəcəyi gözlənilir.
Kollegiya iclasında iqtisadi siyasətin əsas istiqamətləri - regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, 2005-ci və sonrakı 3 il üçün proqnozların hazırlanması, neft və qaz gəlirlərinin, aqrar və kommunal bölmələrin idarə olunması, Tarif Şurasının fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda dövlət başçısının bölgələrə səfərləri zamanı verdiyi tapşırıqların icrası ilə bağlı zəruri işlər görülür.
2005-2008-ci illər üçün Dövlət İnvestisiya Proqramı barədə deyilmişdir ki, gələn il bu proqram çərçivəsində həm yerli, həm də xarici maliyyə mənbələri hesabına həyata keçiriləcək məqsədli layihələr üzrə sərmayə qoyuluşunun ümumi məbləğinin 500 milyon ABŞ dolları olacağı planlaşdırılır.
İclasda iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, antiinhisar siyasətinin həyata keçirilməsi, istehlakçıların hüquqlarının qorunması, beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində görülən işlərdən də bəhs olunmuşdur.
Sahibkarlığın inkişafı məsələsinə xüsusi diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, bu il həmin məqsədlər üçün 100 milyard manat vəsait ayrılmışdı. Ötən doqquz ayda 51 şəhər və rayon üzrə (Naxçıvan MR istisna olunmaqla) 699 sahibkarlıq subyektinin sərmayə layihəsinin maliyyələşdirilməsinə 66,3 milyard manat güzəştli kredit verilmişdir. 2005-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitin 200 milyard manata çatdırılması nəzərdə tutulur.
Kollegiya iclasında cari məsələlər də müzakirə edilmişdir.