İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi təsdiq edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnamə fondu 60 milyon 500 min manat təşkil edir. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Agentlik Bakı şəhərində yerləşir.
Agentliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək; iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək; iqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək; bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.