İqtisadiyyat İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda tədbir təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İnstitutun icraçı direktoru dosent Famil Rüstəmov çıxışında bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. 44 gün davam edən Vətən müharibəsində ordumuz 30 illik işğala son qoydu, torpaqlarımızı azad etdi.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi igidlik və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.
F.Rüstəmov qeyd edib ki, 44 günlük müharibənin uğurlu nəticəsinin böyük tarixi, siyasi, iqtisadi, hərbi və mənəvi əhəmiyyəti var. Azərbaycan xalqı öz hüquqları uğrunda mübarizə apararaq torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini əziz tutur.
Tədbirdə çıxış edən Tariyel Qurbanov, Tanrıverdi Paşa, Dilman Əsədov, Yulduz Əliyeva, Sevda Mikayılova, Firdovsi Şahbazov və digərləri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, sarsılmaz xalq-ordu birliyindən və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçilən Zəfər yolundan bəhs ediblər. Həmçinin işğaldan azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işlərini xüsusi vurğulayıblar.