İqtisadiyyatın liberallığı və dirijistliyi arasında optimallıq intervalına dair müzakirələr aparılıb
Bakı, 6 fevral, AZƏRTAC
Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin real (faktiki) səviyyəsindən asılı olaraq iqtisadiyyat solluq-sağlıq (dirijistlik-liberallıq) əlamətləri alır. Məsələn, idxalın məhdudlaşdırılması iqtisadiyyatın liberallığını azaldır (və ya dirijistliyini artırır). Xarici ticarətin (idxalın) sərbəstliyi də, daxili bazarın qorunması da iqtisadi siyasətin hədəfi ola bilər. Biri artdıqda digəri azalır. Hansısa məhsul və ya xidmət üzrə (yaxud bütövlükdə ölkə üzrə) eyni vaxtda həm idxalı liberallaşdırmaq, həm də daxili bazarın müdafiəsini gücləndirmək mümkün deyil. Bir qayda olaraq solçular üçün daxili bazarın qorunması, sağçılar üçün xarici ticarətin liberallığı prioritetdir.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu fikirlər elmi müəssisənin direktoru, professor Nazim Müzəffərlinin “İqtisadiyyatın liberallığı və dirijistliyi arasında optimallıq intervalı” mövzusundakı məruzəsində yer alıb.
“Fevral məruzələri-2020” - “Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda V Beynəlxalq elmi-praktik gənclər konfransda çıxış etmiş professor diqqətə çatdırıb ki, dünyanın nüfuzlu analitik mərkəzlərinin apardıqları sıralamaların (reytinq) əksinə olaraq, AMEA-nın İqtisadiyyat İnstitutunun tədqiqatlarına əsasən sıralamalarda “yaxşı”, “pis”, “öndə gedən”, “geridə qalan” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik ölkələr var. İnstitutun 95 ölkə üzrə hesabladığı İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksinə görə, iqtisadiyyatda liberallıqla dirijistlik arasında optimallıq intervalları ölkədən-ölkəyə fərqlənir və dəyişə bilir. Liberal və ya dirijist iqtisadiyyata malik ölkələr eyni dərəcədə uğurla inkişaf edə bilər.
Məruzə ətrafında maraqlı müzakirələr aparılıb, suallar cavablandırılıb.