İran Avstraliyanın səfirinə etiraz notası təqdim edib
Tehran, 22 noyabr, AZƏRTAC
Avstraliyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.
AZƏRTAC İran XİN-ə istinadla xəbər verir ki, Avstraliyanın Baş nazirinin İranda baş verən kütləvi aksiyalara dəstək verməsi və insan hüquqlarının pozulmasına görə rəsmi Tehranı tənqid etməsi birmənalı qarşılanmayıb. İran XİN-in nümayəndəsi Nasir Kənani bildirib ki, Avstraliya hökumətinin insan hüquqlarından danışması siyasi xarakter daşıyır və İrana qarşı təzyiq vasitəsidir. Səfir İranın etirazının dərhal öz hökumətinə çatdıracağını bildirib.
Nəzərə çatdıraq ki, sentyabrın 16-da Tehranda əxlaq polisinin 22 yaşlı qıza qarşı tətbiq etdiyi zorakılıqdan sonra İranda ictimai-siyasi vəziyyət pozulub. Polis kütləvi aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Artıq 3-cü aydır ki, İranın şəhərlərində aksiyalar davam edir. Aksiyalarda təhlükəsizlik qüvvələrinin 40-dan çox nümayəndəsi və 300-dən çox aksiya iştirakçısı qətlə yetirilib.
Dünən Kirmanşah şəhərində təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında silahlı toqquşma olub. Aksiyada iştirak edən gənclər avtomat silahlarla polisi atəşə tutub.
İran Prezidenti İbrahim Rəisi Ali Rəhbər Əli Xamneyinin fikirlərini əsas tutaraq iğtişaş yaradanların cəzalanacağını bildirib. Kütləvi iğtişaşlar törətməkdə ittiham edilən 3 nəfər edam hökmünə məruz qalıb.
Hələlik İranda qeyri-sabit vəziyyət davam edir ki, bununla yanaşı, beynəlxalq aləmin etirazları da özünü gözlətmir. Təkcə bir faktı qeyd edək ki, son 20 gün ərzində Böyük Britaniyanın İrandakı səfiri 4-cü dəfə XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub. Bununla yanaşı Portuqaliya, İsveç və digər Avropa dövlətlərinin İrandakı səfirlərinə etiraz notaları təqdim olunub. Rəsmi Tehran bu dövlətləri İranın daxili işlərinə qarışmaqda ittiham edir.
Tehran