İran ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılır
Tehran, 24 fevral, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinin saytında ingilis və fars dillərində Xocalı soyqırımını əks etdirən material və fotoşəkillər yerləşdirilib.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin ağır texnikası Azərbaycanın Xocalı şəhərinə yeridilib, dinc insanlar amansızcasına qətlə yetiriliblər. Şəhər yerlə-yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı nəticəsində 613 insan öldürülüb, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Əsir və girov götürülənlərə amansız işgəncələr verilib.
Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas hüquqları kobudcasına pozulub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran