SİYASƏT
İRAN XARİCİ İŞLƏR NAZİRİNİN BAKIYA SƏFƏRİ
İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazi aprelin 11-də Bakıya birgünlük rəsmi səfərə gəlmişdir. Binə hava limanında hörmətli qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev, ölkəmizin Tehrandakı səfiri Abbasəli Həsənov və digər rəsmi şəxslər qarşılamışlar.
Hava limanında jurnalislərin suallarına cavab verən K.Xərrazi bildirmişdir ki, səfər müddətində neftlə, iqtisadiyyatla və siyasətlə bağlı hər iki ölkəyə aid bir çox məsələlər müzakirə olunacaqdır.
X X X
İranın xarici işlər naziri Kamal Xərrazi və nümayəndə heyətinin üzvləri həmin gün Şəhidlər xiyabanını ziyarət etdilər.
Nazir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Sonra K.Xərrazi Şəhidlər xiyabanının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, İranın Bakıdakı səfiri Əhəd Qəzai, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov qonaqlarla birlikdə Şəhidlər xiyabanında olmuşlar.