DÜNYA
İranın Ali Rəhbəri uzun illərdən sonra cümə namazı xütbəsində çıxış edib
![İranın Ali Rəhbəri uzun illərdən sonra cümə namazı xütbəsində çıxış edib](/files/2020/1/1200x630/1579259700208081553_1200x630.jpg)
Tehran, 17 yanvar, AZƏRTAC
Uzun illərdən sonra bu gün İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi Tehranda cümə namazı xütbəsində çıxış edib.
AZƏRTAC xəbər verir ki, Ali Rəhbər bəzi məsələlərə münasibət bildirərək xalqı birliyə dəvət edib. O qeyd edib ki, son 2 həftə ibrət götürüləsi hadisələr baş verdi. İran general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-a sərt cavab verdi. Lakin cəmiyyətimizdə bu məsləyə aid düzgün olmayan mövqelər də gördük.
Ali Rəhbər nəzərə çatdırıb ki, ABŞ İran xalqının yanında olduğunu bəyan edir. Bu, yalandır. İran xalqının yanında olan ona qarşı iqtisadi sanksiya tətbiq etməz.
Əli Xameneyi Ukraynaya məxsus təyyarənin vurulmasına da münasibət bildirib. Qeyd edib ki, insanların həlak olması ürəyimizi yandırır. Xalqa düzgün məlumat verilməli və ciddi şəkildə araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı alınsın.
Xatırladaq ki, bu gün İranın bütün şəhərlərində cümə namazından sonra ümumxalq mitinqləri keçiriləcək.
Artıq Tehranda kütləvi yürüş başlayıb. Yürüş iştirakçıları ikili standartlar siyasətinə son qoyulmasını tələb edən şüarlar səsləndirirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran