İRANIN YENİ PARLAMENTİ İLK İCLASINI KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İran İslam Respublikasının yeni parlamentinin ilk iclası keçirilmişdir.
Əvvəlcə İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin məsləhət məktubu oxunmuşdur. Məktubda tövsiyyə edilir ki, hər bir deputat qəbul olunan qərarlarda İranın dövlət maraqlarını nəzərə alsın. Sonra Prezident Mahmud Əhmədinejad yeni deputatlar qarşısında çıxış etmişdir.
İran parlamentinin formalaşması qaydalarına görə Şuraya yeni seçilmiş deputatların ən yaşlılarından 3 nəfər ilk iclasları idarə etmək məqsədilə rəyasət heyətinə seçilmişdir. Bu tərkibin rəhbərliyi ilə deputatların mandatları təqdim olunmuş və məclisin sədri, onun müavinləri seçilmişlər.
İranda seçkiləri daxili işlər naziri keçirir. Məclisdə seçkilərin nəticələri ilə bağlı ümumi məlumat verən daxili işlər nazirinin əvəzi
Mehdi Haşimi demişdir ki, seçkilər İran dövlətinin maraqlarına uyğun keçirilmidir. Onun sözlərinə görə, İran İslam Şurası Məclisinə keçirilmiş 8-ci çağırış seçkilər əsasında formalaşan parlamentdəki 290 yerin 287-ə sahib olan deputatların mandatları təsdiqlənmişdir. Mandat qazananlardan 170 nəfəri birinci dəfədir ki, parlamentdə təmsil olunur. Deputatların 8 nəfəri qadındır.
Yaxın günlərdə İran İslam Şurası Məclisinin yeni sədrinin kim olacağı bilinəcəkdir. Siyasi şərhçilərin məlumatına görə, Parlamentin keçmiş sədri Qulaməli Həddad Adelin yenidən sədr kürsüsündə əyləşmək imkanı azdır. Bildirilir ki, sessiyadankənar səsvermədə yeni sədr postuna Əli Laricani seçilmişdir. Laricani eks-prezident Haşimi Rəfsəncaninin yaxın adamlarından biri kimi tanınır. O, Rəfsəncaninin prezidentliyi dövründə İranın mədəniyyət naziri olmuş, sonrakı illərdə müxtəlif böyük vəzifələr tutmuşdur.