İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndələri Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıblar
Bakı, 5 iyun, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Komitə sədrinin müavini Fuad Hüseynov Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün indiyədək üzləşdiyi çətinliklər və onların bugünkü real durumu ilə bağlı qonaqlara ətraflı məlumat verib. Təəssüflə qeyd edilib ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində münaqişə hələ də öz həllini tapmayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə F.Hüseynov qonaqlara münaqişənin tarixi kökləri və yaranma səbəbləri, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən misli görünməmiş Xocalı faciəsinin, çoxsaylı terror aktlarının törədilməsi və sair məsələlərlə bağlı məlumat verib.
O, nümayəndə heyətini, həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemləri, onların bugünkü vəziyyəti, Azərbaycanın gündən-günə artan iqtisadi imkanlarının bu soydaşlarımızın sosial-məişət və mənzil problemlərinin həllinə yönəldilməsi sahəsində yürüdülən dövlət siyasəti, bunun nəticəsində onlar üçün yaradılan hərtərəfli şərait və digər bu kimi məsələlər barədə də ətraflı məlumatlandırıb.
Sonra görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyətini maraqlandıran suallara cavab veriblər.
Görüş üçün minnətdarlıqlarını bildirən komissiya üzvləri onları maraqlandıran suallara ətraflı cavab aldıqlarına görə minnətdarlıqlarını bildirib, bütün bunların onlar üçün xüsusi önəm daşıdığını deyiblər.