“İrs-Naslediye” beynəlxalq jurnalının ispandilli versiyası Şuşaya həsr edilib
Madrid, 28 noyabr, AZƏRTAC
“İrs-Naslediye” beynəlxalq jurnalının növbəti ispandilli versiyası (“Irs/Herencia”) çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı “Şuşa-2022: “Qafqazın konservatoriyası” dirçəlir” sərlövhəli ön söz yazılıb. Müəllif oxucuların diqqətinə çatdırır ki, bu il Azərbaycan ilə bir neçə ispandilli ölkə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi tamam olur. Filologiya elmləri doktoru Rəna Qafarovanın “Irs/Herencia” jurnalında dərc olunmuş “Azərbaycan ilə İspaniya arasında ədəbi əlaqələr: Oruc bəy Bayat İspaniyada səyahətlər haqqında nəşr edilmiş ilk kitabın müəllifidir” sərlövhəli məqaləsi bu əlamətdar yubileyə həsr edilib. Məqalə ispan oxucusunu azərbaycanlı aristokrat, 1599-cu ildə Avropa ölkələri ilə ittifaq bağlamaq məqsədilə Səfəvi şahı Böyük Abbas tərəfindən göndərilmiş diplomatik missiyanın katibi Oruc bəy Bayat ilə tanış edir. Səfəvilər dövlətində siyasi sarsıntılardan sonra Valyadoliddə məskunlaşan Oruc bəy katolik dinini qəbul edib və Səfəvi diplomatı olduğu dövrdə yeddi Avropa ölkəsinə səyahəti barədə yol qeydlərini dərc edib. Tarixi baxımdan böyük maraq doğuran bu kitab səyahətlər haqqında ispan dilində ədəbi janrda yazılmış ilk əsərdir.
Musa Mərcanlı yazır ki, 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. “Qafqazın konservatoriyası” Şuşa haqqında “Irs/Herencia” jurnalının bu nömrəsində dərc olunmuş reportajda bildirilir ki, 28 illik erməni işğalı dövründə qarətlər və talanlar nəticəsində şəhərə çox böyük ziyan vurulub. Məqalədə 2020-ci ildə Şuşa azad ediləndən sonra aparılan bərpa işləri və abadlaşdırma planları barədə məlumat verilir. Kolumbiyalı jurnalist Roberto Trobaxo Ernandesin jurnalın bu nömrəsində dərc edilmiş “Azərbaycanlıların qəlbi Şuşa belə döyünür” adlı məqaləsində Azərbaycan xalqının mənəvi həyatında xüsusi yer tutan Şuşa şəhərinin ermənilər tərəfindən işğalının nəticələri, azərbaycanlıların canlarından keçərək öz müqəddəs mədəni mərkəzini azad etmələri barədə informasiya təqdim olunur.
Baş redaktor vurğulayır ki, Ermənistan ilə münasibətlər mövzusu Azərbaycan ictimaiyyəti üçün aktuallığını saxlayır. Ema Həsənova 1878-ci il Berlin Konqresində qaldırılmış “erməni məsələsi”nin tarixi barədə yazır, göstərir ki, qərb dövlətlərinin Osmanlı İmperiyasını bölüşdürmək siyasəti həmin konqresdə başlanıb.
İrəvan şəhərində Azərbaycan mədəni-tarixi irsinin məhv edilməsi mövzusuna daha bir məqalə həsr edilib. Məqalənin müəllifi, tarix elmləri namizədi Rizvan Hüseynov oxucuların diqqətinə çatdırır ki, XX əsrin əvvəlində həmin bölgədə çoxluq təşkil edən azərbaycanlılar İrəvan şəhəri Ermənistanın paytaxtı olandan sonra sayca azlıq təşkil etdi, hakimiyyət orqanları şəhəri abadlaşdırmaq bəhanəsi ilə tarixi İrəvan qalasını və bu şəhərin Azərbaycan tarixi ilə bağlı bir sıra məhəllələrini sökdülər.
Jurnalın bu nömrəsində dərc edilmiş digər materiallar arasında böyük Azərbaycan müğənnisi, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbül haqqında, onun yaradıcılığının Azərbaycan musiqi mədəniyyətində bütöv bir dövr təşkil etməsi barədə məqaləni xüsusi qeyd etmək lazımdır.
“Irs/Herencia” jurnalında ispan oxucusu ənənəvi olaraq, Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı barədə çoxlu maraqlı məlumatlar tapacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid