İrsi qan xəstəliklərinin rastgəlmə tezliyində azalma tendensiyası müşahidə olunur
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycanda irsi qan xəstəliklərinə görə hemoqlobinopatiyalı, talassemiyalı, o cümlədən hemofiliyalı xəstələr aktuallıq kəsb edir. Statistik göstəricilərə görə əvvəlki illərə nisbətən həmin xəstəliklərin rastgəlmə tezliyində azalma müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, "Azərbaycan Hematologiya Mütəxəssisləri" İctimai Birliyinin sədri Valeh Hüseynov jurnalistlərə müsahibəsində deyib.
V.Hüseynovun sözlərinə görə, müsbət tendensiyanın müşahidə olunmasında nikaha daxil olan cütlüklərin müayinəsi xüsusi rol oynayır: "Bu, uzaq perspektivə hesablanmış bir dövlət proqramıdır. Düşünürəm ki, bu, bəhrəsini verməyə başlayıb. Maarifləndirmə işlərinin aparılması nəticəsində talassemiyalı xəstələrin doğulma tendensiyasında da azalma müşahidə olunur.
İrsi qan xəstəliklərində erkən müraciətdən daha çox həmin xəstəliklərin profilaktikası mühüm əhəmiyyət kəsb edir. Həmin xəstəliklər irsi keçdiyi üçün nikahdan öncə cütlüklərin maarifləndirilməsi çox önəmlidir. Bunun üçün də nikahdan əvvəl cütlükləri testlərdən keçirməklə riskləri onlara əvvəlcədən izah edirik. Düşünürəm ki, atılan addımlar sayəsində gələcəkdə xəstə uşaqların doğulma sayında ciddi azalma qeydə alınacaq".