ELM VƏ TƏHSİL
İş yerində təcrübəyə əsaslanan proqram çərçivəsində təlimlərə start verilib
Bakı, 22 yanvar, AZƏRTAC
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Quru inşaat ustası” ixtisas qrupunda iş yerində təcrübəyə əsaslanan proqram çərçivəsində təlimlərə start verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq resurs mərkəzi kimi fəaliyyət göstərən “Knauf” şirkətinin əməkdaşları tərəfindən təşkil olunan təlim zamanı tələbələrə müasir tikinti normaları, onların nəzəri və praktik şəkildə tətbiqi, inşaat materialları, tikintidə standartlar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tələbələr bu həftədən etibarən şirkət tərəfindən müxtəlif iş yerlərində ustad dərslərində iştirak edəcəklər. Təlimləri uğurla başa vuran və ustad dərslərində fəal iştirak edən tələbələrə sertifikat veriləcək və onlar işlə təmin olunacaqlar.