İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar Astarada əhaliyə paylanılıb
Bakı, 15 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar Astara rayonunda "Risk kommunikasiyası və icmalarla əlaqələrin qurulması" və "Gender müdaxiləsi və sağlamlığın müdafiəsi" mövzuları üzrə təşkil olunan təlimlərin iştirakçılarına paylanılıb.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən "Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan təlimlər 10 rayonu əhatə edib.
Təlimdə risk kommunikasiyası və icmalarla əlaqələrin qurulmasının məqsədi, icma rəyinin toplanması və cavablandırılması, icmanın səfərbərliyi və iştirakı, gender müdaxiləsinin fövqəladə hallar zamanı əhəmiyyəti, gender müdaxiləsinin sağlamlığa inteqrasiyası mövzuları üzrə məlumat verilib, biliklər möhkəmləndirilib.
İştirakçılara eyni zamanda İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Məktəblilərin qidalanması” , “Qida etiketləri”, “Sağlam qidalanmanın xüsusiyyətləri” və s. mövzularda maarifləndirici materiallar təqdim olunub, sağlam həyat tərzinin üstünlükləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verilib.