İsmayıllıda 14 kilometr uzunluğunda avtomobil yolu inşa edilir
Bakı, 10 aprel, AZƏRTAC
İsmayıllı rayonu ərazisindəki uzunluğu 14 kilometr olan Kəlbənd-Girk avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən yol IV texniki dərəcəyə uyğun inşa edilir.
Tikinti layihəsinə uyğun olaraq, 10 metr enində yeni yol yatağı tikilir. Bunun üçün hazırda 6 kilometrlik hissədə yolun profilə salınması və genişləndirilməsi, relyefdən aşağı olan hissələrin normativ hündürlükdə qaldırılması məqsədilə çınqıl materialı tökülərək kipləşdirilir. Torpaq işləri 100 min kvadratmetr ərazini əhatə edir.
Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işlərinə başlanılacaq. Mövcud tikinti norma və standartlar əsasında yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Bundan başqa, yol boyu 1 ədəd suötürücü qurğunun tikintisi, həmçinin zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpa edilərək işlək vəziyyətə salınması, həmçinin müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri nəzərdə tutulub.
Aparılan yenidənqurma işləri nəticəsində vətəndaşların rahat gediş-gəlişi təmin ediləcək, bölgədə kənd təsərrüfatı və turizmin inkişafına təkan veriləcək.
Tərtib olunmuş qrafikə uyğun olaraq, işlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı olaraq yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min kilometrdən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsini həyata keçirəcək.
Sözügedən layihələrə uyğun olaraq, artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə başlanılıb. Bu cür yollardan bir neçəsi İsmayıllı rayonunda yerləşir. Bura respublika və yerli əhəmiyyətli yollar daxıldır. Yolların uzunluqları 54 kilometr təşkil edir və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir.