İsmayıllıda əhalinin kütləvi tibbi müayinəsinin gedişi və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
İsmayıllı, 5 aprel (AZƏRTAC, Adil Ağayev). İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında Prezident İlham Əliyevin əhalinin kütləvi tibbi müayinəsi ilə əlaqədar verdiyi tapşırığın icrası vəziyyəti geniş müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tibbi müayinənin keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsi və komissiya üzvlərinin, səhiyyə müəssisələrinin, idarə və təşkilatların rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdikləri iclasda rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın hesabatı dinlənilmiş, müzakirələr aparılmışdır.
Hesabatda və çıxışlarda fevralın 17-dən mayın 1-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsi barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın ismayıllılar tərəfindən böyük minnətdarlıqla qarşılandığı vurğulanmış, kampaniyanın müvəffəqiyyətlə davam etdiyi bildirilmişdir. Məlumat verilmişdir ki, rayonda tibbi müayinələr mərkəzi rayon xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, uşaq poliklinikasında, Lahıc və İvanovka sahə xəstəxanalarında, 11 kənd və qəsəbə həkim məntəqəsində aparılır. Müayinə aparılan bütün səhiyyə müəssisələri lazımi tibbi avadanlıqlarla təchiz edilmişdir. İxtisaslı səyyar həkim briqadaları qrafik üzrə yerlərdə olur və insanları tibbi müayinədən keçirirlər. Bu məqsədlə yaradılmış xüsusi komissiya aksiyanın mütəşəkkilliyini təmin etmək üçün lazımi təşkilatçılıq işi aparır.
Qeyd olunmuşdur ki, rayonun artıq 40 min nəfərdən çox sakini müayinədən keçmişdir. Müayinə olunanların 799 nəfəri ambulator, 54 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 91 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış tibb ocaqlarına göndərilmişdir.
Şura iclasında qarışda duran vəzifələr barədə də geniş söhbət getmiş, kampaniyanın müvəffəqiyyətlə başa çatdırılması üçün əlaqədar şəxslərə konkret tapşırıqlar verilmişdir.