İsmayıllıda əhalinin tibbi müayinədən keçirilməsinə ciddi hazırlıq görülür
İsmayıllı, 15 fevral (AZƏRTAC). İsmayıllıdakı Heydər Əliyev Mərkəzində əhalinin tibbi müayinəsinə hazırlıqla əlaqədar görülmüş işlərə həsr olunmuş müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının, qəsəbə, kənd xəstəxanaları və tibb məntəqələrinin, idarə və müəssisələrin rəhbərlərinin, şəhər, qəsəbə kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirak etdikləri müşavirəni rayon icra hakimiyyətinin başçısı Mirdamət Seyidov açaraq kampaniyanın əhəmiyyətindən, Prezident İlham Əliyevin insanların sağlamlığına göstərdiyi diqqət və qayğıdan danışmışdır. İcra hakimiyyətinin başçısı fevralın 17-dən mayın 1-dək aparılacaq tibbi müayinənin yüksək səviyyədə və mütəşəkkil keçirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi Aftandil Rəhimov çıxış edərək tibbi müayinəyə hazırlıq barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu məqsədlə müvafiq komissiya yaradılmış, işçi qrupu təşkil edilmiş, yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar üzrə dəqiq cədvəl tutulmuşdur.
Müşavirədə çıxış edənlər komissiyasının və işçi qrupunun vəzifələri barədə geniş izahat vermiş, hazırlanmış qrafikin dəqiq icrasına nəzarət ediləcəyini, müayinədən hər kəsin yararlanması üçün zəruri tədbirlərin görüləcəyini bildirmişlər.
Əminliklə vurğulanmışdır ki, əhalinin tibbi müayinədən keçirilməsinə cavabdeh olan şəxslər ölkə başçısının bu humanist təşəbbüsünə məsuliyyətlə yanaşacaqdır.