İsmayıllıda narkomaniyanın zərərləri barədə danışılıb, bukletlər paylanılıb
Bakı, 1 iyul, AZƏRTAC
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomaniyanın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb.