İsmayıllıda təbliğat-təşviqat kampaniyası: “Mən Azərbaycan vətəndaşıyam”
İsmayıllı, 31 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin may-iyun aylarında Bakı-İsmayıllı marşrutu üzrə “Mən Azərbaycan vətəndaşıyam” devizi altında keçirdiyi təbliğat-təşviqat kampaniyası çərçivəsində mayın 31-də İsmayıllıda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Multikultural dəyərlər və gənclik” mövzusunda mühazirə oxunub, konsert təşkil olunub. Rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, 400-ə yaxın gənc iştirak edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açaraq dövlətçiliyin, milli maraqların qorunmasında, azərbaycançılıq ideologiyasının təbliğində gənclərin önəmli rolundan, bu baxımdan keçirilən təbliğat-təşviqat kampaniyasının əhəmiyyətindən söz açıb.
Sonra Dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədovun “Multikultural dəyərlər və gənclik” mövzusunda məruzəsi dinlənilib, Gənclər Təşkilatları Milli Şurasının proqram meneceri Samir Mehralıyev isə gənclərin milli ruhda tərbiyəsi, Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrilməsi barədə çıxış edib.
Gənc müğənnilərin ifalarında səsləndirilən mahnılar iştirakçılarda xoş ovqat yaradıb.
Sonda səhnəyə “Can Azərbaycan” mahnısının sədaları altında Dövlət bayrağı gətirilib.