İQTİSADİYYAT
İspaniya şirkətləri Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumatlandırılıb
![](/files/galleryphoto/2021/3/1200x630/16351622421589056799_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16351622421025418422_1200x630.jpg)
Madrid, 25 oktyabr, AZƏRTAC
Madrid şəhərində ölkəmizin İspaniyadakı səfirliyi və Madrid muxtar vilayəti hökumətinin birgə təşkilatçılığı ilə adıçəkilən regionda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri və nümayəndələrinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Ramiz Həsənov beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti və biznes imkanları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi kontekstində bərpaolunan enerji, infrastruktur, nəqliyyat, logistika, turizm, elektron hökumət, informasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı kimi sahələrin inkişafı ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən hesab olunur.
Tədbir çərçivəsində Azərbaycanda nəqliyyat və logistika imkanları, investisiyaların qorunması sahəsində mövcud qanunvericilik bazası, xüsusi iqtisadi zonalar və sənaye parkları, habelə ölkəmizin beynəlxalq hesabatlarda qabaqcıl islahatçı ölkələrdən olması barədə ətraflı məlumat verilib.
Xüsusi olaraq vurğulanıb ki, İspaniya ilə ölkəmiz arasında iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bununla belə, ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin mövcuddur.
Səfir Ramiz Həsənov tədbirin bu istiqamətdə ilk addım olduğunu, müvafiq ispan şirkətləri ilə ölkəmizin aidiyyəti qurumları və şirkətləri arasında davamlı əsasda görüşlərin, virtual konfransların keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Madrid muxtar vilayəti prezidentinin müavini, “Xalq Partiyası”nın üzvü Enrike Lopes Lopes Azərbaycanın böyük iqtisadi potensiala malik olduğunu, hökumət tərəfindən həyata keçirilmiş irimiqyaslı layihələr nəticəsində ölkənin regionda lider dövlətə çevrildiyini, bu mənada, nəinki Madrid muxtar vilayətinin, o cümlədən İspaniyanın digər regionlarında fəaliyyət göstərən şirkətlərin Azərbaycanda fəaliyyətə başlamasının vacibliyini qeyd edib.
E.Lopes Lopes Madrid muxtar vilayəti hökumətinin bu sahədə hər bir dəstəyə hazır olduğunu, ispan şirkətlərinin Azərbaycana investisiya yatırmasının, B2B əlaqələrinin yaradılmasının təşviq olunacağını söyləyib.
Çıxışlardan sonra Ələt Azad İqtisadi Zonası barədə videoçarx nümayiş etdirilib. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir zamanı ölkəmizdə əlverişli investisiya mühiti ilə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hazırlanmış təqdimat, habelə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu tərəfindən hazırlanmış videoçarx elektron qaydada Madrid regionu şirkətlərinin nümayəndələrinə göndərilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid