İSTANBULDA AVRASİYA DÖVLƏTLƏRİ ON BİRİNCİ İQTİSADİ SAMMİTİ İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 1-də İstanbul Ticarət Palatasında dünyanın 34 ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya dövlətləri XI İqtisadi Zirvəsi Toplantısı işə başlamışdır.
Sammitin iştirakçıları əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, Azərbaycanın ümummilli lideri, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olmuş Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Avrasiya dövlətləri iqtisadi zirvə toplantılarının tarixindən bəhs edən film nümayiş olunmuşdur.
Dünya Ticarət Palataları Federasiyasının prezidenti Rona Yırçalı zirvə toplantısının gündəliyinə çıxarılmış məsələlər barədə məlumat vermişdir.
Türkiyə Prezidenti Abdullah Gülün zirvə toplantısının iştirakçılarına təbrikinin mətni oxunmuşdur. Təbrikdə bəşəriyyəti narahat edən bir sıra problemlərin - qlobal istiləşmə, beynəlxalq terrorizmlə mübarizə, iqtisadi tərəqqinin təmin olunması baxımından indiki zirvə görüşünün böyük əhəmiyyəti qeyd olunmuşdur.
Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov respublikamızın rəhbəri İlham Əliyevin Avrasiya Dövlətləri XI İqtisadi Sammitinin zirvə iştirakçılarına təbrikini oxumuşdur. (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver zirvə toplantısında iştirak edən ölkələrin dövlət və hökumət nümayəndələrini, o cümlədən Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovu, Milli Məclisin sədr müavini Valeh Ələsgərovu, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni, Türkiyə parlamentinin sədri Köksal Toptanı, dövlət naziri Kürşad Tüzməni, qardaş ölkənin 9-cu Prezidenti Süleyman Dəmirəli, Rumıniyanın keçmiş prezidentləri İon İliyesku və Emil Konstantineskunu, Bolqarıstanın sabiq prezidenti Jelyu Jelevi salamlamışdır.
Zirvə sammitinin enerji məsələlərinə həsr olunmuş ilk iclasında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin uğurla başa çatdığını bildirmişlər. Avropanın enerji təhlükəsizliyində Azərbaycan neftinin və qazının əhəmiyyəti xüsusi vurğulanmışdır. Bu baxımdan, “Nabukko” layihəsinin əhəmiyyəti qeyd edilmişdir.
Avrasiya Dövlətləri XI İqtisadi Zirvə Toplantısı mayın 2-də öz işini davam etdirəcəkdir.
######
