İSTANBULDA AVRASİYA DÖVLƏTLƏRİNİN ON BİRİNCİ İQTİSADİ SAMMİTİ DAVAM EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 2-də İstanbul Ticarət Palatasında dünyanın 34 ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri On Birinci İqtisadi Sammiti öz işini davam etdirmişdir.
“Dövrümüzün 5 dövlət xadimindən 2008-ci ildə Avropa və dünyaya baxış” mövzusunda keçirilən zirvə toplantısının ikinci gününün ilk iclasında Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, Rumıniyanın keçmiş prezidentləri İon İliyesku və Emil Konstantinesku, Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev və sabiq Baş naziri Simeon Qota Avrasya məkanında əməkdaşlığın perspektivləri, iqtisadi və sosial problemlərin həlli yolları, sabitlik və təhlükəsizliyin təmin olunması barədə danışmışlar.
Müzakirələr zamanı Azərbaycanın karbohidrogen ehtiyatlarının, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətlərinin, habelə gələcəkdə həyata keçiriləcək “Nabukko” layihəsinin Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.
Sonra müzakirələr “İqtisadiyyatda beynəlxalq dəyərlər” bölməsində davam etdirilmişdir. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxışında qeyd etmişdir ki, müstəqilliyinin ilk illərində anarxiya və xaosla üzləşmiş ölkəmiz ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra sabitlik və tərəqqi dövrünə qədəm qoymuşdur. Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ökəmizin iqtisadi cəhətdən dünyada analoqu olmayan templərlə inkişaf etməsinə, beynəlxalq nüfuzunun daha da artmasına təkan vermişdir.
Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli layihələrin əhəmiyyətindən bəhs edən Kəmaləddin Heydərov təəssüflə vurğulamışdır ki, Ermənistanın ölkəmizə qarşı davam edən təzavüzü Avrasiya məkanında inteqrasiya proseslərinə də mənfi təsir göstərir. Nazir onu da bildirmişdir ki, rəhbərlik etdiyi nazirliyin maddi-texniki bazasının möhkəmlənməsi bu qurumun digər ölkələrdə də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yardım etməsinə imkan yaradır.
Avrasiya Dövlətləri XI İqtisadi Sammitinin iştirakçıları mədəniyyət və turizm, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avrasiya məkanında rolu və digər məsələlər ətrafında da fikir mübadilləsi aparmışlar.
Avrasiya Dövlətləri XI İqtisadi Sammiti mayın 3-də öz işini davam etdirəcəkdir.