DÜNYA
İSTANBULDA NÖVBƏTİ TERROR AKTLARI TÖRƏDİLMİŞDİR
İlkin məlumata görə, partlayışlar nəticəsində 25 nəfər həlak olmuş, 400 nəfərdən artıq adam yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların sayının artacağı ehtimal edilir. Çünki partlayışlar nəticəsində əmələ gəlmiş dağıntılar hələ tam təmizlənməmişdir.
İstanbulun Topqapı turist mərkəzi yaxınlığında da polis tərəfindən partlayışa hazır bir bomba tapılmış və zərərsizləşdirilmişdir. Polis radio və televiziya kanalları vasitəsilə vətəndaşlardan Levent və Bəyoğlu rayonlarına avtomobillə getməməyi, yollarda tıxaclar yaratmamağı, təcili yardım, yanğınsöndürən və polis avtomaşınları üçün əlverişli şərait yaratmağı xahiş etmişdir.
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi bəyanat vermişdir. Bəyanatda terror aktları qətiyyətlə pislənilir. Bu terror aktlarının Türkiyənin ABŞ-ı dəstəklədiyinə və İsrail ilə əməkdaşlıq əlaqələri yaratdığına görə törədildiyi xüsusi vurğulanmışdır.
Türkiyənin mərkəzi bankı da bəyanat vermişdir. Bəyanatda yerli vətəndaşlar və xarici sərmayədarlar təmkinli olmağa çağırılmış, maliyyə əməliyyatlarının tam nəzarət altında olduğu bildirilmişdir.
Ölkənin Ədliyyə Nazirliyi istintaqın maneəsiz həyata keçirilməsi üçün
bəzi məlumatların kütləvi informasiya vasitələrində açıqlanmasını qadağan etmişdir. Terror aktlarının məsuliyyətini “Əl-Qaidə” öz üzərinə götürmüşdür.
Türkiyənin bütün şəhərlərində polis və jandarm qüvvələri əməliyyat hazırlığı vəziyyətinə gətirilmişdir. Xarici səfirliklərin, konsulluq və şirkətlərin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilmişdir.
Ölkənin hökuməti yanında xüsusi komissiya yaradılmışdır. Partlayış
yerlərində xüsusi xilasetmə dəstələri fəaliyyət göstərir. Türkiyə Respublikasının daxili işlər naziri Əbdülqadir Aksu partlayışların noyabrın 15-də yəhudi sinaqoqları yaxınlığındakı terror aktları ilə oxşar olduğunu vurğulamışdır.