İQTİSADİYYAT
İstehlakçıların düzgün məlumatlandırılmaması barədə Dövlət Xidmətinə 664 müraciət daxil olub

Bakı, 21 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçıların düzgün məlumatlandırılmaması barədə 664 müraciət daxil olub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 153 müraciət üzrə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyələr verilib, 333 müraciət təmin olunub, 23-ü zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 60-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 5-i baxılması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilib, 90 müraciət üzrə isə araşdırmalar aparılır. Statistik göstəricilərə əsasən, daşıma şirkətləri tərəfindən göstərilən xidmət üzrə ümumilikdə daxil olan 260 müraciətdən 200-ü təmin olunub, 45-i üzrə vətəndaşlara qanunamüvafiq izahat və tövsiyələr verilib, 15 müraciət üzrə araşdırmalar davam edir.