CƏMİYYƏT
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 16-17-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 16-17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturunun dağətəyi rayonlarda 8-13°, dağlıq rayonlarda 4-9° isti olacağı ehtimal edilir.
Lənkəran-Astara zonasında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 9-13°, dağlıq rayonlarda 5-9° isti olacağı bildirilir.
Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 9-14° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin noyabrın 16-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 11-16° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Havanın maksimal temperaturu 9-14° isti olacaq.
Paytaxtın bəzi yerlərində yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, noyabrın 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gündüz 11-14° isti olacağı ehtimalı var.