İSVEÇ-AZƏRBAYCAN KOMİTƏSİ NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ SABİRABADDA MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Ölkəmizdə səfərdə olan İsveç-Azərbaycan Komitəsinin nümayəndə heyətinin üzvləri fevralın 23-də Sabirabaddakı Qalağayın çadır şəhərçiyinə getmişlər.
Nümayəndələr - Avropa Parlamentinin üzvü Olle Şmid, İsveç parlamenti xarici əlaqələr komissiyasının üzvü Qoran Lindblad, İsveç parlamentinin üzvü Anders Benqson, İsveç-Azərbaycan Komitəsinin sədri Manaf Səbəbi və komitənin üzvü Nərgiz Nədai Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan və onun ətrafındakı rayonlardan didərgin düşmüş məcburi köçkünlərlə görüşmüş, onların yaşayış şəraiti ilə tanış olmuşlar.
Soydaşlarımızın dözülməz yaşayış şəraitini öz gözləri ilə görən nümayəndə heyətinin üzvləri problemin tezliklə və ədalətli həlli üçün lazımi səylər göstərəcəklərini bildirmişlər.
Qonaqların diqqətinə çatdırılmışdır ki, bütün Azərbayan xalqı kimi, məcburi köçkünlər də Prezident Heydər Əliyevin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində apardığı ardıcıl siyasəti tamamilə dəstəkləyirlər. Bununla yanaşı, belə bir fikir də vurğulanmışdır ki, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylər lazımi nəticələr verməzsə, xalqımız öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcəkdir.
Milli Məclisin deputatı, Azərbaycan-İsveç parlamentlərarası əlaqələr komissiyasının rəhbəri Sudeyif İmamverdiyev nümayəndə heyətinin üzvlərini maraqlandıran bəzi məsələlərə aydınlıq gətirmişdir.