İsveçin Miqrasiya Xidməti Suriyadan olan qaçqınlara münasibətdə miqrasiya qaydalarını sərtləşdirib
Stokholm, 31 avqust, AZƏRTAC
İsveçin Miqrasiya Xidməti (“Migrationsverket”) Suriyadan olan qaçqınlara münasibətdə miqrasiya qaydalarını sərtləşdirib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, dəyişikliklərin səbəbi kimi Suriyanın müharibədən əziyyət çəkmiş bütün hissələrində təhlükənin bərabər olmaması faktı göstərilib.
“Migrationsverket”də xüsusilə qeyd edilib ki, Suriyada hərbi döyüşlərin intensivliyi “azacıq səngidiyindən” sığınacaq axtaran yeni miqrantlar “avtomatik olaraq daha İsveçdə sığınacaq almayacaqlar”. Bundan sonra məmurlar sığınacaq axtaran hər bir suriyalını ölkənin hansı hissəsindən gəlməsini müəyyən etməklə dəyərləndirəcəklər. Altı “daha təhlükəli” əyalətin - Hələb, Rakka, İdlib, Homs, Hama və Deyr-əz-Zorun sakinləri hələ də avtomatik sığınacaq verilməsini gözləyə bilərlər. “Onların fərdi səbəbləri - sığınacağın təqdim olunması barədə ərizələri indi əvvəlkinə nisbətən daha mühümdür”, - deyə “Migrationsverket”in hüquq məsələləri üzrə direktoru Fredrik Beyer bəyan edib. İndi miqrantların haradan gəlməsi və hansı təhlükə ilə qarşılaşacağı çox mühüm olacaq.
İsveçin adı qaçqın dövlətlərinə daha çox dostcasına münasibət göstərən ölkələrdən biri kimi tez-tez çəkilir. Çünki son illər ərzində bu ölkə sığınacaq axtaran şəxsləri adambaşına düşən paya görə Aİ-yə üzv olan digər ölkələrə nisbətən daha çox qəbul edib. İsveç təkcə 2015-ci ildə 150 min nəfərdən çox sığınacaq axtaran şəxsdən müraciət alıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm