İsveçrədə keçirilən robotik reabilitasiya texnologiyaları sessiyasında ölkəmiz təmsil olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
İsveçrədə Hocoma Akademiyası tərəfindən reabilitasiya texnologiyaları ilə bağlı qış sessiyası keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, sessiya çərçivəsində müxtəlif görüşlər təşkil edilib, eyni zamanda, reabilitasiya sahəsində yeni texnologiyalarla bağlı müzakirələr aparılıb.
Ümumilikdə, 17 ölkənin həkim-mütəxəssislərinin iştirak etdiyi təlimlərdə Azərbaycanı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, fizioterapevt-reabilitoloq Pərvin Əkbərov təmsil edib.
P.Əkbərov sessiya çərçivəsində iştirakçılara Azərbaycanda tibb sahəsində bir sıra yeniliklər və texnologiyaların tətbiqi, eləcə də gələcəkdə tətbiqi nəzərdə tutulan robotik reabilitasiya texnologiyaları ilə bağlı geniş məlumat verib.
Məlumat üçün bildirək ki, Hocoma Akademiyası canlı öyrənmə sessiyaları vasitəsilə reabilitasiyada qabaqcıl texnologiyaları, terapiyanın optimallaşdırılmasını öyrədir, reabilitasiya üzrə klinik ekspertlər və əsas rəy liderləri ilə şəbəkə qurmaq imkanı yaradır.
Akademiyanın İsveçrə, ABŞ, Sloveniya, Sinqapur və Çilidə mərkəzi fəaliyyət göstərir.