DÜNYA
İtaliyada aviadaşımalar pandemiyadan əvvəlki vəziyyətə qayıdır
![İtaliyada aviadaşımalar pandemiyadan əvvəlki vəziyyətə qayıdır](/files/2021/3/1200x630/16367589215142559411_1200x630.jpg)
Roma, 13 noyabr, AZƏRTAC
COVID-19 səbəbindən sərhədlərin bağlanması və səyahət məhdudiyyətləri kimi qaydalar fonunda ləngiyən İtaliyanın hava nəqliyyatı intensivlik baxımından pandemiyadan əvvəlki səviyyəyə qayıdır.
AZƏRTAC xəbər verir ki, Avropada pandemiyanın ən çox təsir göstərdiyi ölkələrdən biri olan İtaliyada aviadaşımalar sahəsində xüsusilə yay aylarında orta dərəcədə bərpa əlamətləri müşahidə edilib.
İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” dövlət şirkətinin məlumatına görə, cari ilin ilk 9 ayında hava nəqliyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz artıb. Yanvar-sentyabr aylarında daxili aviareyslərdə 39,7 faiz, beynəlxalq uçuşlarda isə 8,5 faiz artım olub. Hesabat dövründə İtaliyanın hava məkanından istifadə edən təyyarələrin sayı da 30,6 faiz artıb. Üç rübdə hava limanlarında sərnişin sıxlığı isə keçən ilin eyni dövrünə nisbətən 14,5 faiz artıb.
“ENAV”ın baş icraçı direktoru Paolo Simioni deyib ki, bu ilin ilk 9 ayında həyata keçirilən aviareyslərin sayı pandemiyadan əvvəlki rəqəmlərə çatıb.
Qeyd edək ki, paytaxt Romanın, eləcə də ölkənin əsas hava limanlarından biri olan “Fiumicino” aviadaşımalar və sərnişin sıxlığının artdığı aeroportlardan biri kimi seçilir. Hazırda “Fiumicino” hava limanında aviabiletlərin qeydiyyatı və təhlükəsizlik məntəqələrində pandemiyadan əvvəlki dövrə bənzər sərnişin sıxlığı müşahidə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma