DÜNYA
İtaliyada Giorgia Meloni Nazirlər Şurasının sədri vəzifəsini təhvil alıb
Roma, 23 oktyabr, AZƏRTAC
İtaliyanın yeni Baş naziri Giorgia Meloni Nazirlər Şurasının sədri vəzifəsini sələfi Mario Draqidən təhvil alıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də G.Meloninin rəhbərliyi ilə qurulan yeni - 68-ci hökumətin ilk iclası keçirilib. İtaliyada qaydalara əsasən, Nazirlər Şurasının ilk iclasında yeni hökumətin Baş naziri və nazirlərlə yanaşı, köhnə hökumət üzvləri də iştirak edirlər. İclasda simvolik zəngdən sonra təhvil-təslim mərasimi olub, G.Meloni sələfi M.Draqinin postuna keçib. Həmçinin yeni hökumətdəki 24 nazir üçün də müvafiq qurumlarda təhvil-təslim mərasimləri keçirilib.
Yeni hökumətdə nazirlərdən yalnız 6-sı, yəni, 25 faizi qadındır. Əvvəlki iki hökumətdə isə bu göstərici 30 faizdən çox olub, hətta 2014-cü ildə ən yüksək həddə - 50 faizə çatıb.
Nazirlər Şurasının üzvlərinin orta yaş həddi isə 60-dır. Bu hökumət indiyədək ölkədə qurulmuş ən yaşlı hökumət hesab olunur.
G.Meloni hökumətinin gələn həftə ərzində parlamentin yuxarı palatasında - Senatda və aşağı palatada - Deputatlar Palatasında etimad səsverməsi keçirməsi gözlənilir. Sağçı koalisiya hökuməti ikipalatalı parlamentdə təsdiq alarsa, rəsmi qaydada vəzifəsinin icrasına başlayacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma