İtaliyalı tədqiqatçı “Report” proqramının Azərbaycanla bağlı qərəzli buraxılışını ifşa edib
Bakı, 3 dekabr, AZƏRTAC
Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli İtaliyanın “Rai3” telekanalında efirə getmiş “Report” proqramının Azərbaycanla bağlı yalan, təxribatçı və qərəzli buraxılışını “Geopolotica.info” analitik-informasiya portalında ifşa edib. AZƏRTAC onun “Report və Azərbaycan: vəziyyət daha qarışıqdır” adlı məqaləsinin xülasəsini təqdim edir.
X X X
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlara münasibət bildirən D.Pommier Vinçelli verilişdə nümayiş etdirilən xəritədə yalnız Dağlıq Qarabağ regionunun göstərilməsinin, Azərbaycanın işğal olunmuş digər 7 rayonu və həmin ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlılar barədə məlumat verilməməsinin, məlum aprel döyüşləri zamanı Azərbaycan tərəfində mülki əhali və obyektlərə dəymiş ziyanın üzərindən sükutla keçilməsinin anlaşılmaz olduğunu bildirib. Verilişdə münaqişənin dini zəmində təqdim edilməsini absurd hesab edən D.Pommier Vinçelli Dağlıq Qarabağın qədim xristian torpağı kimi göstərilməsinə də toxunaraq, bu ərazilərdə əsrlərdir müsəlmanların yaşadığını, “Qarabağ” sözünün türk mənşəli olduğunu qeyd edib.
Verilişdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəli sürülən sülh təkliflərinin Azərbaycan tərəfindən rədd edilməsinə dair səsləndirilmiş fikrin yalan olduğunu bildirən D.Pommier Vinçelli yazır: “Sadəcə olaraq indiyə qədər bir-biri ilə uzlaşmayan iki mövqe irəli sürülüb: ermənilər müstəqillik istəyirlər, Azərbaycan isə öz suverenliyi daxilində muxtariyyət təklif edir (bu xüsusda Dağlıq Qarabağ üçün Cənubi Tirol modeli də nəzərdən keçirilib). Unutmayaq ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1998-ci ildə məhz Bakı ilə konstruktiv danışıqlara getmək istədiyi üçün istefa verməyə məcbur edilmişdi”.
“Report” verilişinin aparıcısı Milena Qabanellinin özünün və Dağlıq Qarabağa səfər edən digər jurnalistlərin Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilməsini söz azadlığının boğulması kimi təqdim etməsi ilə razılaşmayan D.Pommier Vinçelli bu səfərlərin qeyri-qanuni olduğunu vurğulayaraq qeyd edir: “M.Qabanelli Azərbaycan Respublikasının müvafiq qanunlarını pozub və BMT qətnamələrinə görə, habelə İtaliyanın beynəlxalq hüquq sahəsində məşhur alimi Natalino Ronzittinin münaqişəyə dair yazdığı kitabda bildirdiyi kimi, Qarabağ rəsmi olaraq Azərbaycan ərazisidir”.
TAP layihəsindən söhbət açan D.Pommier Vinçelli bildirir ki, bu layihə Avropa İttifaqının təsdiqlədiyi strateji əhəmiyyətli layihədir və enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Habelə Azərbaycanda son illərdə təmin olunmuş yüksək iqtisadi tərəqqi barədə danışan müəllif BMT İnkişaf Proqramına istinad edərək yazır: “Güclü iqtisadi inkişaf infrastruktur layihələrinə əsaslı investisiya yatırmağa imkan verib və 2002-ci ildə 46,7 faiz olan yoxsulluq səviyyəsi 2014-cü ildə 5 faizə enib”. Öz təcrübəsindən çıxış edən D.Pommier Vinçelli müəllimi olduğu Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının ilbəil artdığını və bunun Azərbaycan hökumətinin gənclərin xaricdə təhsil almasına verdiyi önəmin və əhalinin rifahının yüksəlməsinin göstəricisi olduğunu diqqətə çatdırır.
Fikirlərinə yekun vuran müəllif “Report” verilişinin Azərbaycana münasibətdə səthi və qərəzli iddialar irəli sürməsinin və onu hədəf almasının anlaşılmaz olduğunu vurğulayır.