İtaliyalı turistlər Lənkəranda “Nənələr” folklor kollektivi ilə görüşüb
Lənkəran, 31 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Turizm İnformasiya Mərkəzi yay turizm mövsümünün başlanması və cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə yeni layihələrin icrasına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk layihə çərçivəsində italiyalı turistlər üçün yeni turlar təşkil olunub.
Turistlərin Lənkərandakı “Nənələr” folklor kollektivi ilə görüşü yaddaqalan məqamlarla diqqət çəkib. Bu görüş bir növ rayonun adət-ənənələrinin nümayişinə çevrilib.
Layihə çərçivəsində italiyalı turistlər Astara və Lənkəran rayonlarının tarix və mədəniyyət abidələri ilə tanış olub, hər iki rayonun görməli yerlərinə səyahət ediblər.
Lənkəran Turizm və İnformasiya Mərkəzinin həyata keçirəcəyi növbəti layihələr çərçivəsində cənub bölgəsində aqroturizmi inkişaf etdirmək məqsədilə xarici turistlər üçün çayçılıq və digər kənd təsərrüfatı sahələrinə də turlar təşkil olunacaq.