SİYASƏT
İtaliyanın nüfuzlu “Artribune” jurnalında “Bakıya eniş” sərlövhəli məqalə dərc edilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079268516267034274_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926851137948848_1200x630.jpg)
Roma, 14 noyabr (AZƏRTAC). İtaliyanın nüfuzlu “Artribune” jurnalında “Bakıya eniş” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə Azərbaycanın sürətli inkişafı və getdikcə gözəlləşən paytaxt Bakı haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində xeyli işlər görülmüşdür. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün Bakı yeni görkəm almaqdadır. Xəzərin sahilində yerləşən şəhər XIX əsrin yadigarı olan tikililəri və müasir üslubda inşa edilmiş memarlıq nümunələrini özündə birləşdirir. Paytaxt sakinlərinin və turistlərin istirahəti üçün hər cür şəraitin yaradıldığı Dənizkənarı Bulvar, yeni tikilmiş möhtəşəm otellər, müasir incəsənətin rəmzi sayılan “Alov qüllələri” kompleksi və digər çoxmərtəbəli binalar Bakıya xüsusi gözəllik verir.
Müəllif diqqətə çatdırmışdır ki, son illər Bakıda həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələr inşa olunmaqdadır. Bunlardan biri də özündə müasirliyi ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzidir. Orijinal arxitekturası ilə fərqlənən bina Bakının memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bakının müasir simasının rəmzinə çevrilən Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir.
Yazıda bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan neft və təbii qaz ehtiyatlarına görə dünyada strateji əhəmiyyətə malik bir ölkəyə çevrilmişdir. İndi isə Azərbaycan mədəniyyət və incəsənət sahəsində dünyada əsas söz sahibi olmaq niyyətindədir. Azərbaycanda bu istiqamətdə bir sıra layihələr və tədbirlər həyata keçirilməkdədir. Bu sırada ölkədə müasir incəsənətin təbliği məqsədi ilə yaradılmış “YARAT!” Müasir İncəsənət Məkanını xüsusi qeyd etmək olar. Təşkilatın əsas məqsədi müasir Azərbaycan incəsənətini dəstəkləmək, onu ölkədə və xaricdə layiqincə təqdim etməkdir. “YARAT!” Müasir İncəsənət Məkanı fəaliyyət göstərdiyi qısa müddətdə bir sıra nailiyyətlər əldə etmişdir. Yazıda təşkilatın rəhbəri Aida Mahmudovanın qurumun fəaliyyəti və inkişafı ilə bağlı fikirlərinə də yer verilmişdir.
Son illərdə təşkilatın təşəbbüsü ilə həyata keçirilən layihələr barədə məlumat verilən məqalədə “YARAT!” Müasir İncəsənət Məkanının gələcək fəaliyyətinə də toxunulmuşdur.
Yazıda, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətindəki fəaliyyətindən də bəhs edilmişdir. Vurğulanmışdır ki, Azərbaycanın mədəni dəyərlərini dünyada tanıtmaq məqsədi ilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında humanitar proqramlar, habelə təhsil, səhiyyə və elm sahələrinin inkişaf etdirilməsinə istiqamətlənmiş layihələr durur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma