İDMAN
İtalyan oxatanı "Bakı-2015"-də üçüncü qızıl medalını qazana bilmədi
Bakı, 21 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İtaliyanın ən dəqiq oxatanlarından biri Natalya Valeyeva bu gün səhər Avropa Oyunlarındakı yarışlarda iştirakına son verib. Onun mübarizəni tərk etməsinə səbəb gürcüstanlı oxatan Yuliya Lobzhenidze olub. Beləliklə, N.Valeyeva "Bakı-2015"-də üçüncü qızıl medalını qazana bilməyib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 3-cü yerdə olan N.Valeyeva bazar günü səhər keçirilən yarışlarda Yuliya Lobzhenidzeyə 6-2 hesabı ilə uduzub. O, bəzi texniki səhvlərə yol verdiyinə görə, qalib çıxa bilməyib.
45 yaşlı Natalya bundan əvvəl italiyalı Mauro Nespoli ilə birgə qarışıq komanda yarışlarında, həm də Quendalina Sartori və Yelena Tonetta ilə birlikdə qadınlar komandasının tərkibində qızıl medal udmuşdu.
Natalya deyir ki, Bakı 2015-dəki uğurları onun üçün gözlənilməz idi: "Mən nəticələrdən çox məmnunam. Çünki texniki baxımdan yarışa hazır deyildim. Burada medal qazanmağım mənim üçün gözlənilməz oldu. Əslində əsasən Olimpiya Oyunlarına hazırlıq məqsədilə Bakıya gəlmişdim. İndi isə milli komitəmiz üçün medal qazanmağın çox əla oldu".
Natalya Valeyeva, həmçinin bildirib ki, bu yarışma onun üçün çətin olub. Çünki indi o, bütün diqqətini Danimarkada keçiriləcək dünya çempionatına hazırlıq üçün texnikasını inkişaf etdirməyə yönəldib.