“ITECA CASPIAN LTD” ŞİRKƏTİ GƏLƏN İL İXTİSASLAŞMIŞ ON BİR SƏRGİ KEÇİRƏCƏKDİR
Şirkətin icraçı direktoru Fərid Məmmədov il ərzində keçirilən tədbirlərin qısa icmalından və növbəti ilin perspektiv planlarından danışdı. Qeyd edildi ki, şirkət beynəlxalq statusa malikdir və onun layihələri müvafiq dövlət qurumları tərəfindən dəstəklənir. 2000-ci ildə şirkət tərəfindən yalnız bir tədbir keçirildiyi halda, 2003-cü ildə ixtisaslaşmış 8 beynəlxalq sərgi təşkil edildiyi diqqətə çatdırıldı. Bu sərgilərdə 446 beynəlxalq və yerli şirkət, eləcə də 65.645 min nəfər peşəkar ziyarətçi iştirak etmişdir. Görülmüş işlərin nəticəsində 350-dən artıq xarici şirkət ilk dəfə Azərbaycan bazarlarına daxil olmuşdur. Bildirildi ki, şirkətin fəaliyyət dairəsinin genişlənməsi və dinamik inkişafı dövlətimizin sahibkarlığa göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olmuşdur.
“İteca Caspıan LTD” şirkəti 2004-cü ildə ixtisaslaşmış 11 sərgi keçirmək niyyətindədir. Şirkət, habelə Gürcüstanda da bir neçə beynəlxalq sərgi və konfrans təşkil edəcəkdir.
Axırda şirkətin fəaliyyətini geniş işıqlandıran mətbuat orqanlarına fərqlənmə diplomları təqdim olundu. İlk diplom Azərbaycan Dövlət Teleqraf Agentliyinə verildi. Müxtəlif mətbuat orqanlarında çalışan 5 nəfər jurnalist isə xususi vauçerlər qazandı. Həmin jurnalistlərdən bir neçəsi şirkətin maliyyə dəstəyi ilə xarici dövlətlərdə keçiriləcək sərgilərdə iştirak edəcəkdir.