İTİ gənclərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması istiqamətində tədbirlər görür
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə fəaliyyət planı müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şuranın sədri Nərmin Adıgözəlova gənc elmi işçilərin sayı, 2018-ci ildə respublika və xaricdə çap olunan məqalə və konfrans materialları haqqında məlumat verib. Qeyd edib ki, cari ildə gənclərin elmi fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması istiqamətində onların intellektual inkişafına və elmi fəaliyyətə həvəsləndirilməsinə yönələn layihələr icra olunacaq, beynəlxalq olimpiada, konfrans, forum, seminar və məşğələlər təşkil ediləcək, institutun gənc tədqiqatçılarının təcrübə mübadiləsi proqramlarında iştirakına dəstək göstəriləcək, onlar bir sıra qrant layihələrin hazırlanmasında iştirak edəcəklər.
Nərmin Adıgözəlova, həmçinin gənclərin ictimai və mədəni fəaliyyətinin təşkili istiqamətində görüləcək işləri diqqətə çatdırıb. Bildirib ki, cari ildə gənc alimlərin ingilis dili kurslarına cəlb olunması, televiziya proqramlarında çıxışı, intellektual oyunlar, müsabiqələr və olimpiadalarda iştirakı, o cümlədən gənclər arasında müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib.