IV Beynəlxalq Avrasiya Kitab Sərgisində Azərbaycan stendinin açılışı oldu
Nur-Sultan, 25 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Beynəlxalq Avrasiya Kitab Sərgisi (Eurasian Book Fair-2019) keçirilir. Sərgi çərçivəsində Azərbaycan stendinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunan stenddə ölkəmizdə müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş edilir.
Sərgidə Qazaxıstan mədəniyyət və idman naziri Arıstanbek Muxamedulı Azərbaycan stendinə xüsusi maraq göstərib.
Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi IV Avrasiya Kitab Sərgisi çərçivəsində Azərbaycan guşəsində ümummilli lider Heydər Əliyevin uzunmüddətli siyasi fəaliyyətini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunan hərtərəfli inkişafı əks etdirən əsərlər, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair maraqlı nəşrləri, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənovun Azərbaycan siyasətinin ayrı-ayrı istiqamətlərinə dair kitabları yer alıb.
Guşədə İmadəddin Nəsiminin seçilmiş əsərləri izləyicilərə nümayiş olunub.
Azərbaycan guşəsində ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanılıb.
Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, nəşriyyatlarla maraqlanıblar.
IV Avrasiya Beynəlxalq Kitab sərgisi üç gün davam edəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan