ELM VƏ TƏHSİL
İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
“Yerli özünüidarə və bələdiyyə idarəçiliyinin əsasları” proqramı üzrə keçirilən kurslarda şəhər və rayon bələdiyyəsinin sədrləri, sədr müavinləri və üzvləri iştirak etmişlər.
Tədrisin əsas məqsədi yerli özünüidarə və bələdiyyə idarəçiliyi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi və onlara yeni məlumatların verilməsidir.
Tədris-tematik plan yerli özünüidarənin siyasi və hüquqi əsasları, onun iqtisadi və maliyyə problemləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, heyətin idarə olunmasının önəmli prinsipləri, yerli özünüidarə orqanlarında sənədləşdirmə texnologiyası və s. ilə əlaqədar məsələləri əhatə etmişdir.
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, deputatlardan Nizami Quliyev, Eldar Qəhrəmanov, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının UFSR-nin əlaqələndiricisi Anya Hoyst, FRCS-nin əlaqələndiricisi Elnara Rəfatova, Avrasiya Fondunun ölkə direktoru Tim Heis və tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında yerli özünüidarənin müasir problemlərinə dair mühazirələrlə çıxış etmişlər.