İyunun 10-da keçiriləcək sonuncu sınaq imtahanına qeydiyyat davam edir
Bakı, 31 may, AZƏRTAC
İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sonuncu sınaq imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə təşkil olunacaq sınaq imtahanları saat 11:00-da başlayacaq. İmtahana qeydiyyat iyunun 4-ü saat 10:00-dək aparılacaq. On iki şəhər və rayonda keçirilməsi nəzərdə tutulan imtahanın təşkil ediləcəyi binaların siyahısı DİM-in rəsmi saytının müvafiq bölməsində yerləşdirilib.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “şəxsi kabinet”in “hesab” bölməsində “sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində “yeni istifadəçi” kimi qeydiyyatdan keçməlidir. Sınaq imtahanında iştirak haqqı 20 AZN-dir. Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Qeyd edək ki, iyunun 10-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Həmin imtahanda iştirak etməli olan abituriyentlərin sınaq imtahanına yazılmamaları xahiş olunur.