Jurnalistlər Macarıstanda ən böyük tikintidə işlərin vəziyyəti ilə tanış olublar
Budapeşt, 4 aprel, AZƏRTAC
Məşhur futbolçu Ferens Puşkaşın adını daşıyan stadion son 30 ildə Macarıstanda həyata keçirilən ən iri tikinti layihəsidir.
AZƏRTAC xəbər verir ki, Macarıstan Futbol Federasiyası modernləşdirilən stadiona məxsusi olaraq bu ölkədə akkreditə edilmiş jurnalistlər üçün ekskursiya təşkil edib. Onların arasında AZƏRTAC-ın xüsusi müxbiri Pərvanə Qarayeva da olub.
Stadionun açılışı noyabr ayına planlaşdırılıb, lakin obyektin indiki vəziyyəti barədə reklam çarxı tamaşaçılar üçün təqdim olunub. Həmin reklam çarxına YouTube kanalında baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=GBbvAqIouYk
Budapeştin və aqlomerasiyanın inkişafı üçün cavabdeh olan dövlət katibi Balaş Füreşin sözlərinə görə, tikinti işləri əsasən başa çatdırılıb. Lakin elektrik təсhizatı sistemi və stadionun ot örtüyü ilə bağlı görülməli işlər az deyil. Dövlət katibinin sözlərinə görə, layihənin lap əvvəlində qərara alınıb ki, qorunub saxlanması mümkün olan nə varsa, hamısını saxlamaq şərtilə köhnə stadiona yeni elementlər əlavə edilsin. Buna görə də, məsələn, köhnə qülləyə toxunulmayıb və 2020-ci ilin baharında orada Ferens Puşkaş muzeyi açılacaq. Yeni stadionun pilonları da köhnə pilonlara oxşayacaq.
Son 3 ildə bu tikintidə 15000 nəfər işlə təmin olunub. Dövlət katibi vurğulayıb ki, fəhlələrin çoxu qonşu ölkələrdən gəlmiş etnik macarlardır.
Stadion tam hazır olanda hündürlüyü 52 metrə çatacaq və o, paytaxtda ikinci ən hündür bina olacaq. Daha bir neçə rəqəm: stadionun modifikasiyası üçün 10 min ton polad sərf edilib. Bu, paytaxtdakı Erjebet körpüsünə sərf edilmiş poladın miqdarından təqribən iki dəfə çoxdur. Burada istifadə olunmuş dəmir-beton yetmiş beş ədəd onmərtəbəli bina tikilməsi üçün kifayət edərdi. Füreşin sözlərinə görə, “bu stadion sözün həqiqi mənasında XXI əsrə yaraşan arenadır və Macarıstan onunla fəxr edəcək”.
Genişləndirilmiş stadionun üç səviyyəsinin hamısı örtülü olacaq.
Macarıstan Futbol Federasiyasının sədri Şandor Çanyi deyib ki, inşaatçılar bu layihəni vaxtından əvvəl tamamlamağı vəd ediblər. Bu halda stadionun açılışı ölkə yığmasının iştirakı ilə keçiriləcək yoldaşlıq matçı ilə qeyd ediləcək və ekskursiyada iştirak edən jurnalistlər, o cümlədən AZƏRTAC-ın nümayəndəsi xüsusi qonaq kimi dəvət olunacaq.