Kahramanmaraşdakı Heydər Əliyev adına məktəb Türkiyə-Azərbaycan qardaşlığına töhfədir
Kahramanmaraş, 5 fevral, AZƏRTAC
Azərbaycan hökumətinin xətti ilə Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən Heydər Əliyev adına ibtidai məktəb 2023-cü il zəlzələlərindən təsirlənən Türkiyə bölgələrində təhsil sisteminin inkişafına əhəmiyyətli töhfələr verməkdə davam edir.
Qardaş ölkəmizin 53 mindən çox sakininin həyatına son qoyan təbii fəlakətin üçüncü ildönümündə AZƏRTAC-ın müxbiri müasir təhsil müəssisəsinin tez bir zamanda inşa edildiyi Kahramanmaraşın “Azərbaycan” məhəlləsinə baş çəkib.
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi üzrə Azərbaycan hökumətinin icraçı orqanı kimi çıxış edib.
Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəb 2024-cü ilin sentyabr ayında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekinin iştirak etdiyi mərasimlə açılıb.
Müasir üslubda tikilmiş üçmərtəbəli məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı və üç uşaq bağçasına aid sinif yerləşir. Burada, həmçinin laboratoriya, musiqi otağı, sənətkarlıq və incəsənət emalatxanaları, ayrıca texnologiya, riyaziyyat və mühəndislik otaqları var.
Sinif otaqlarında və dəhlizlərdə iki ölkənin bayraqları asılıb, məktəbin əsas girişində isə Ümummilli Lider Heydər Əliyevin portreti olan stend qoyulub.
Məktəbin direktoru Murat Demirçi bildirib ki, fəlakət zonasındakı digər məktəblərdə yer çatışmazlığı səbəbindən məktəb tədris planını iki növbədə təşkil edib və Kahramanmaraşdakı digər məktəblərdən bəzi şagirdlər Heydər Əliyev adına ibtidai məktəbə köçürülüb.
“Kahramanmaraşda yüzlərlə uşaq bu gün Türkiyə və Azərbaycan arasında dostluq ruhunda tərbiyə olunur, bu, iki qardaş ölkənin gənc nəsillərinə yaraşır”, - deyə Demirçi vurğulayıb. O, Türkiyədəki fəlakət zonasının bərpasına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş