Kaliforniyanın Monterey şəhərində Azərbaycanın Respublika Günü qeyd olunub
Bakı, 31 may, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində tarixi Kolton hökumət binasında Azərbaycanın Respublika Gününə həsr olunmuş geniş tədbir keçirilib. XIX əsrdə tikilmiş bu binada 1849-cu ildə Kaliforniyanın ilk konstitusiyası qəbul olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Monterey Şəhər Şurası və Monterey-Lənkəran Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Hadi Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev, Monterey və Salinas Şəhər Şuralarının üzvləri, azərbaycanlılar, tanınmış siyasi, elm və mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, 2011-ci ildən Monterey şəhəri ilə Lənkəran şəhəri qardaşlaşıblar.
Tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Monterey-Lənkəran Dostluq Assosiasiyasının sədri Nensi Selfricin aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan Monterey şəhərinin meri Klayd Montereyin bu cür gözəl bayram mərasiminə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, Monterey ilə Lənkəran arasında “qardaşlaşmış şəhərlər” münasibətləri barədə danışaraq, qarşıdakı illərdə bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini diqqətə çatdırıb. K.Roberson daha sonra Monterey şəhəri adından Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsini təqdim edib. Bəyannaməyə əsasən, 28 may tarixi Montereydə Azərbaycan Milli Günü elan edilib. Bundan başqa, bayram münasibətilə Kaliforniya Ştat senatoru Bil Monninqin imzaladığı təbrik bəyannaməsi və Salinas şəhəri tərəfindən qəbul edilmiş müvafiq bəyannamə də təqdim olunub.
Sonra çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəbli ölkəmizin müstəqillik tarixi haqda ətraflı məlumat verərək, 101 il əvvəl Azərbaycan xalqının müsəlman dünyasının ilk dünyəvi dövləti olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu və bu Cümhuriyyətin qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.
O, həmçinin Azərbaycanın müasir iqtisadi və siyasi inkişafı haqda danışaraq, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artdığını diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini M.Babayev çıxışında Lənkəran-Monterey əlaqələrinin tarixindən söz açıb, son illərdə həyata keçirilmiş qarşılıqlı səfərlərin bu münasibətlərin yüksələn xətlə inkişafına önəmli töhfə verdiyini dilə gətirib.
Daha sonra Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Rəşad Eyvazov çıxış edərək, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti haqqında məlumat verib. O, ölkəmizdə uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib. R.Eyvazov, həmçinin Azərbaycan-ABŞ münasibətləri haqqında danışıb.
Çıxışlardan sonra yerli Azərbaycan icmasının üzvü, skripkaçı Eldar Xudiyevin ifasında Azərbaycan musiqisi təqdim olunub.
Azərbaycanın Respublika Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsində Azərbaycan bayraqları asılıb.
Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyəti Monterey şəhərinə səfər çərçivəsində ABŞ konqresmeni Cimmi Panetta, Monterey şəhərinin meri K.Roberson, Şəhər Şurasının üzvü Alan Haffa və Monterey şəhər administrasiyasının rəhbəri Hans Usler ilə görüşlər keçirib, həmçinin müxtəlif müəssisə və təşkilatlara baş çəkib, Lənkəran-Monterey münasibətlərinin inkişafı yollarını müzakirə ediblər.