KAMRAN İMANOV: BAKI İÇƏRİŞƏHƏRDƏN BAŞLANIR
“İÇƏRİŞƏHƏR: İRSİMİZİ QORUYAQ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verur ki, aprelin 18-də Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Abidələr Günü münasibətilə Muğam Teatrında “İçərişəhər: irsimizi qoruyaq” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
İdarənin rəisi, professor Kamran İmanov əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, Beynəlxalq Abidələr günü YUNESKO-nun xətti ilə 1983-cü ildən qeyd olunur. Buna baxmayaraq, həmin əlamətdar gün “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən ilk dəfədir ki, qeyd edilir. İçərişəhəri Azərbaycanın milli sərvəti adlandıran natiq diqqətə çatdırmışdır ki, onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı və zəngin tarixi həkk olunmuşdur.
Son illər İçərişəhərin və onun ərazisindəki maddi-mədəniyyət abidələrinin qorunub saxlanılmasına böyük dövlət qayğısının olduğunu, bununla əlaqədar Prezident İlham Əliyevin 7 Fərman və Sərəncam imzaladığını vurğulayan K.İmanov bildirmişdir ki, bunun nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini özündə birləşdirən unikal idarəetmə sistemi yaradılmışdır. İçərişəhər Qoruğu ərazisində görülən işlərdən, milli-mənəvi dəyərlərimizin təbliğindən danışarkən o, bütün bunlarda YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmişdir. Demişdir ki, məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə milli və beynəlxalq mütəxəssislərin iştirakı ilə İçərişəhərin ən mühüm sənədi olan “Master-plan”ı hazırlanır, onun idarə olunmasına dair “Menecment plan” isə artıq tətbiq edilir. K.İmanov görülən işlərdən danışarkən demişdir ki, başlıca məqsədimiz şəhərsalma mədəniyyətimizi mərhələlərlə özündə əks etdirən, memarlığımızın “daş yaddaşı” olan İçərişəhəri yüksək səviyyədə qorumaq, onu bir tərəfdən, canlı şəhər olaraq yaşatmaq, digər tərəfdən isə, unikal maddi-mədəniyyət abidəsi kimi gələcək nəsillərə yadigar qoymaqdır.
Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova son iki ildə İşərişəhərdə aparılan işlərdən məmnunluğunu ifadə etmişdir. Burada işlərin elmi əsaslarla həyata keçirildiyini yüksək dəyərləndirmişdir. Erməni tapdağında olan abidələrimizin də tezliklə Azərbaycan dövlətinin nəzarətinə keçməsini arzulamışdır.
İCOMOS və İCCROM-un beynəlxalq ekspertləri Carlo Cesari və xanım Mehr-Azar Soheil Jokılento İçərişəhər barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun epiqrafika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət “İçərişəhər abidələrinin memarlıq xüsusiyyətləri”, həmin institutun əməkdaşları Tarix Dostuyev “Orta əsr şəhəri və Bakı”, Akif Quliyev “İçərişəhərdən numizmatik tapıntılar” mövzularında məruzələr etmişlər.
Axırda konfrans iştirakçıları maddi-mədəniyyət abidələrinin nümayiş olunduğu sərgiyə baxmış, İçərişəhər haqqında filmin ilk təqdimatı keçirilmişdir.
######
