Kanadalı yazıçı: “Azərbaycanda antisemitizmin olmaması unikal hadisədir”
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycana səfər mənə çox güclü təsir bağışladı. Biz, bir qrup yazıçı və jurnalist Qırmızı Qəsəbəyə getdik, orada yaşayan dağ yəhudilərinin ənənələri və mədəniyyəti ilə yaxından tanış olduq. Müsəlman ölkəsində yəhudilərin mədəni irsini qoruyub saxlamaq mümkün olmuş bir yaşayış məntəqəsinin mövcud olması həqiqətən təəccüblüdür.
AZƏRTAC xəbər verir ki, kanadalı yazıçı, redaktor, “The Times of Israel” nəşrinin şərhçisi Robert Sarner bu fikirləri STMEQİ beynəlxalq xeyriyyə fondunun saytının müxbiri ilə söhbətində söyləyib.
Sarnerin sözlərinə görə, onlar Azərbaycana səfər çərçivəsində Gəncədə və Qubada, habelə Azərbaycanın işğaldan azad edilmiş rayonlarında olublar. O deyib: “Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) dəstəyi ilə təşkil edilmiş bu səfər Azərbaycan haqqında, ölkədəki yəhudilərin həyatı barədə daha çox məlumat əldə etməyə imkan verdi. Azərbaycana səfər çərçivəsində çox maraqlı yerlərdə olduq. Qırmızı Qəsəbə xoşuma gəldi. İndi Azərbaycandakı yəhudilərin həyatı barədə geniş məlumatım var. Təbii ki, bir ölkəni və onun xalqını anlamaq üçün həmin ölkəyə getmək lazımdır. Deyirlər Azərbaycan bütün dünyada real tolerantlıq nümunəsi kimi tanınıb, amma bunu öz gözləri ilə görüb yəqin etmək daha yaxşıdır. Biz həqiqətən yəqin etdik ki, bu gözəl ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar”.
Kanadalı yazıçı Torontoya qayıdandan sonra Azərbaycan haqqında, müsəlman ölkəsində yəhudilərin həyatı barədə bir neçə məqalə yazacağını bildirib.
R.Sarner deyib: “Açığını deyim, məni ən çox maraqlandıran bu gün yəhudilərin Azərbaycanda necə yaşaması, onların Azərbaycan cəmiyyətinə, ölkənin ictimai-siyasi həyatına necə inteqrasiya etməsi məsələləri idi. Bu ölkədə ümumiyyətlə antisemitizm yoxdur. Mən bunu başa düşməyə çətinlik çəkirəm, çünki Azərbaycanda yaşamıram. Dünyanın çox yerində olmuşam, əksər yerlərdə tez-tez antisemitizm barədə eşitməli oluruq. Amma Azərbaycandan söhbət düşəndə hamı deyir ki, bu ölkədə belə bir hal yoxdur. Yəhudi əhalinin dəstəklənməsinə görə mən bu ölkənin hökumətinə minnətdaram”.