Karlos Qon və onun sabiq köməkçisi cümə günü azad oluna bilərlər
Tokio, 20 dekabr, AZƏRTAC
“Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qon və onun köməkçisi Qreq Kelli dekabrın 21-də girov müqabilində azad edilə bilərlər.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Tokio dairə məhkəməsi prokurorluğun onların həbs müddətinin uzadılması barədə sorğusunu qəbul etməyib.
Prokurorluq bu qərardan şikayət edib. Məhkəmənin apelyasiyanı rədd edəcəyi və vəkillərin onların girov müqabilində azad olunması barədə vəsatətini qəbul edəcəyi təqdirdə, K.Qon və Q.Kelli Tokio istintaq təcridxanasını tərk edəcəklər.
Xatırladaq ki, “Nissan” şirkətinin iki sabiq rəhbəri noyabrın 19-dan həbs olunublar. Onların 2014-cü maliyyə ilinədək beş il müddətində şirkətin maliyyə hesabatlarında K.Qonun mükafatlandırıldığı məbləğləri gizlətməkdə ittiham edildiyi bildirilir.
Tokio dairə prokurorluğunun xüsusi təhqiqatçılar qrupu dekabrın 10-da K.Qona və Q.Kelliyə qarşı maliyyə alətləri və fond birjaları haqqında qanunu pozmaları ilə əlaqədar ittiham irəli sürüb.
Həmin gün prokurorluq K.Qonun və Q.Kellinin yenidən həbsi barədə order verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar 2017-ci ilə qədər olan üç illik dövrdə də K.Qona verilən mükafatların məbləğini gizlədiblər.
“Nissan” şirkətinin hər iki sabiq rəhbəri dəfələrlə bəyan ediblər ki, onlar heç bir qanun pozuntusuna yol verməyiblər. Çünki K.Qonun istefasından sonra ona veriləcək mükafatın məbləği rəsmi şəkildə təsdiq edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio