SİYASƏT
KƏND AĞSAQQALI: “BƏLƏDİYYƏ ÜZVLƏRİNİN KİMLƏR OLACAĞI HAMIMIZI MARAQLANDIRIR”
İsmayıllı, 23 dekabr (AZƏRTAC). Qalınçaq kəndi İsmayıllı rayonunun iri yaşayış məntəqələrindəndir. 86 saylı İsmayıllı seçki dairəsinin 53 saylı məntəqəsi bu kənddə fəaliyyət göstərir.
Bu gün burada böyük qələbəlik höküm sürür. Yerli özünüidarəetmə orqanı olan bələdiyyəyə seçkiləri kənd sakinlərinin yüksək fəallığı şəraitində keçir. Səsvermədə seçki hüququ olan 1076 nəfər seçici iştirak etməlidir. Qonşu Xənəyə və Göytəpə kəndlərindən olan seçicilər də bu məntəqədə səs verirlər.
Məntəqənin əhatə etdiyi ərazidə bələdiyyə üzvlüyünə 15 nəfər namizəd irəli sürülmüşdür. Onlardan ən çox səs toplayan 9 nəfəri bələdiyyəyə üzv olacaqdır. Bu prosesi öz təşəbbüsü ilə qeydiyyatdan keçən və ayrı-ayrı siyasi partiyalardan olan müşahidəçilər izləyirlər.
Kəndin ən yaşlı sakinlərindən olan İkinci Dünya müharibəsi veteranı, 94 yaşlı Bilal Əliyev səsvermə üçün yaradılmış şəraitdən razılığını bildirmiş və ürək sözlərini belə ifadə etmişdir:
- Allah Prezidentimizə uzun ömür, cansağlığı versin. Sovet dövründə seçkilər belə şəffaf keçirilmirdi. “Yuxarılar” kimi istəyirdi, o da seçilirdi. Seçicilərin çoxu səsverməyə gəlmirdi. İndi kimi istəyiriksə, ona da səs veririk. Bələdiyyə üzvlərinin kimlər olacağı hamımızı maraqlandırır. Odur ki, hamımız məntəqəyə gəlib ən layiqlilərə səs veririk. Axı, problemlərimizin kimlərin həll etməyə qadir olduğunu özümüz daha yaxşı bilirik.